ELM VƏ TƏHSİL
YENİ DƏRS İLİNDƏ CƏLİLABAD RAYONUNDA ÜÇ YENİ MƏKTƏB BİNASININ AÇILIŞI OLACAQDIR
AZƏRTAC xəbər verir ki, yeni dərs ilində Cəlilabad rayonunda üç yeni məktəb binasının - Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən akademik Zərifə xanım Əliyeva adına 1.100 şagird yerlik şəhər 7 nömrəli orta məktəbin, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq tikilmiş 480 şagird yerlik Komanlı kənd orta məktəbinin və 192 şagird yerlik Sadatlı əsas məktəbinin açılışı olacaqdır.
Yeni tədris ilində, həmçinin Seyidbazar kənd orta məktəbi üçün tikilmiş 80 şagird yerlik əlavə 4 sinif otağı və Təhsil Nazirliyinin vəsaiti ilə əsaslı təmir olunmuş 1 nömrəli şəhər orta məktəbi də istifadəyə veriləcəkdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq bu ilin avqustunda Günəşli kənd 2 nömrəli orta məktəbi üçün 400 şagird yerlik, sentyabrda isə Qarakazımlı kənd orta məktəbi üçün 280 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır.