İQTİSADİYYAT
YENİ FƏRMAN SAHİBKARLIĞIN İNKİŞAFINA YAŞIL İŞIQ YANDIRIB
Kiçik və orta sahibkarlığın inkişafına təkan verən sənədlərin imzalanması, Sahibkarlığa Kömək Milli Fondunun yaradılması, sahibkarlara mikrokreditlərin verilməsi Ağcabədi rayonunda yeni istehsal sahələrinin yaradılmasında böyük rol oynamışdır. Müxtəlif süd məhsulları istehsal edən yeni müəssisənin fəaliyyətə başlaması rayon əhalisinin bu məhsullara olan tələbatını ödəməyə imkan vermişdir. Müəssisədə müasir tələblərə cavab verən avadanlıq quraşdırılmışdır.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sahibkarlığın inkişafı ilə bağlı əvvəllər qəbul olunmuş qərarların icrasının sürətləndirilməsi barədə respublika Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanını ağcabədililər təməli görkəmli siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm işlərin hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilməsinin, iqtisadiyyatın inkişafına göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qiymətləndirirlər. Sahibkarlığın inkişafı rayonda yeni istehsal sahələrinin yaradılmasına, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərmişdir. Belə ki, son vaxtlar yüzlərlə adam müxtəlif istehsal sahələrində işlə təmin olunmuşdur.