İQTİSADİYYAT
YENİ İSTEHSAL SAHƏLƏRİ YARADILIR
Son aylar Kürdəmirdə yeni istehsal sahələrinin yaradılması yüzlərlə iş yerlərinin açılmasına, beləliklə əhalinin məşğulluğuna sanballı kömək göstərir. Bakı “Kökə” firmasının Kürdəmir çörək sexi belə obyektlərdən biridir. Şəhər əhalisinin çörəyə olan tələbatının 25 faizini ödəyən bu sexin gündəlik istehsal gücü 1,3 tondur. Məhsullar firmanın istehsalı olan əla növ “Xan” və “Səma” unundan hazırlanır. Sexin əsas avadanlığı Türkiyədən gətirilmişdir. Sobaların dizel yanacağı ilə qızdırılması məhsulun maya dəyərini xeyli ucuzlaşdırır.
Sexdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda burada iki növbədə 10 nəfər işçi çalışır. Orta aylıq əmək haqqı 200 min manatdan çoxdur.
Şəhərdə şirniyyat sexinin də açılması nəzərdə tutulmuşdur. Bunun nəticəsində daha 10 nəfər işlə təmin olunacaqdır.