DÜNYA
YENİ LINZALAR BAŞ BEYİN ZƏDƏLƏRİNİN FƏSADLARINI ARADAN QALDIRIR
Bakı, 15 iyun (AZƏRTAC). Tərkibində prizmalar olan yeni linzalar başından ciddi zədə almış xəstələrdə baş ağrıları və gicəllənməsi, narahatlıq kimi xoşagəlməz əlamətləri aradan qaldırır.
Miçiqan Hərbi-Tibb Məktəbində aparılmış tədqiqatda travmatik beyin zədəsi (TBZ) almış 43 xəstə iştirak etmişdir.
Məlumdur ki, beyin sarsıntısından sonra yaranan postkommosiya sindromu gözlə bağlı problemlərə təsir göstərir. Məhz görmə qabiliyyəti xəstələrdə həyat səviyyəsini pisləşdirən xoşagəlməz əlamətləri irəlicədən müəyyən edir.
Alimlər təxmin etmişlər ki, TBZ gizli çəpgözlüyün inkişafı ilə bağlıdır. Göz əzələləri bu qüsuru aradan qaldırmaq üçün daim gərgin vəziyyətdə olur. Gözlərin yorulması baş və boyun ağrılarına, baş gicəllənməsinə səbəb olur. Prizmatik linzaların tətbiqi görmə qabiliyyətini düzəltməyə, əzələ gərginliyini azaltmağa imkan vermişdir. Nəticədə xoşagəlməz əlamətlərin səviyyəsi 71,8 faiz azalmışdır.
Sözügedən metod İraq və Əfqanıstanda xidmət edən Amerika əsgərləri üçün nəzərdə tutulmuşdur, çünki beyin zədəsi alan xəstələrin təxminən 10-25 faizinin gözlə bağlı problemləri yaranır.