İQTİSADİYYAT
YENİ ZAVODUN BİRİNCİ AXIN XƏTTİ İŞƏ SALINDI
Özəl sektorun inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər, sahibkarlara göstərilən dövlət qayğısı respublikanın bölgələrində, o cümlədən Ağsu rayonunda yeni istehsal sahələrinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə sanballı kömək göstərir. Rayonda yaradılmış “büllur” məhdud məsuliyyətli firmanın Ağsu-Kürdəmir magistral yolunun kənarında, şəhərə bitişik olan Qaraqaşlı kəndində inşa etdiyi yeni konserv zavodunun ilk axın xətti qısa müddətdə işə salınmışdır.
Firmanın icraçı direktoru Varis Nəzərov AZƏRTAC-ın müxbirinə bildirmişidi ki, əsas avadanlıq Rusiya istehsalıdır. Burada əsasən meyvə şirələri istehsal olunur.
Təkcə bu mövsümdə əhalidən 1500 ton nar qəbul ediləcəkdir. Hələlik 500 tondan çox meyvə alınmışdır. Məhsullar həm də xarici bazarlara çıxarılacaqdır.
Gələn il zavodun tam gücü ilə işə salınmasından sonra 50 adda meyvə şirələri, mürəbbə və cemlər, tomat pastası, habelə süd məhsulları istehsal eldiləcəkdir.
Hazırda 40 nəfər işçi çalışır və gələcəkdə əlavə 110 nəfər işə götürüləcəkdir.
Konserv zavodu son bir ayda Ağsuda fəaliyyətə başlayan ikinci istehsal müəssisəsidir.