DÜNYA
YENİ ZELANDİYADA MÜSƏLMANLARIN PROBLEMLƏRİNƏ DAİR KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Yeni Zelandiyanın müsəlman icmasının qarşısında duran məsələləri müzakirə etmək məqsədi ilə aprelin 14–15 də Oklenddə konfrans keçiriləcəkdir. Konfransda səhiyyə, təhsil, sosial təminat sistemlərinin, habelə qaçqınlara və müsəlman immiqrantlara yardım göstərən müsəlman təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Ölkədə yaşayan müsəlmanlar arasında dünyanın ən müxtəlif ölkələrindən gələnlər vardır. 2001-ci ildə əhalinin siyahıya alınmasında onların sayı 23415 nəfər göstərilmişdir. Ən böyük müsəlman icması Oklenddə yaşayır.
Konfransda dini eyniyyətin müsəlmanlar üçün birinci dərəcəli əhəmiyyəti, qaçqınların Yeni Zelandiya cəmiyyətinə inteqrasiyasına mane olan amillər, dövlət və qeyri-dövlət strukturlarının müsəlman təşkilatları ilə əməkdaşlığının perspektivləri, müsəlman gəncləri qarşısında duran problemlər, eləcə də müsəlman qadınların Yeni Zelandiyanın ictimai həyatında rolu kimi məsələlər müzakirə ediləcəkdir.
Bu tədbir Yeni Zelandiyada ilk dəfə keçirilir.