ELM VƏ TƏHSİL


YT Parkın rezidenti “Aşqar” Elmi İstehsalat Birliyində nar qabıqları əsasında quru tozvarı reagent hazırlanıb

Bakı, 20 noyabr, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində (EİB) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) ilə birlikdə neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagentinin keyfiyyətinin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılıb.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlar nəticəsində respublikada nar şirəsi istehsalı zamanı tullantı kimi alınan nar qabıqları əsasında quru tozvarı reagent hazırlanıb və onun neft-qaz quyularının qazılmasında istifadəsi təklif edilib. Bu təklif Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) razılığı ilə Siyəzəndə qazılan neft quyusunda böyük müvəffəqiyyətlə sınaqdan keçirilib, əldə olunan nəticələr ARDNŞ-ə təqdim olunub.

Xarici şirkətlər və investorların də diqqətini cəlb edən bu kimi tozvarı reagentlərlə dənizdə neft quyularını qazmaq çox sərfəlidir və daha səmərəli nəticələr verir.

Hazırda Aşqarlar Kimyası İnstitutunda yeni yaradılan və tətbiq üçün tövsiyə edilən bəzi elmi-tədqiqat işlərinin nəticələrinin də “Aşqar” EİB-də reallaşdırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, AMEA YT Parkın rezidenti olan “Aşqar” EİB akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) təcrübi-texnoloji bazası əsasında yaradılıb. AKİ tərəfindən ilk dəfə olaraq qətransız müalicəvi Naftalan neftinin alınma texnologiyası işlənilib və onun “Aşqar” EİB-də təcrübi qurğuda istehsalı təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.