İQTİSADİYYAT
YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK XƏTLƏRİ TƏFTİŞ EDİLİR
“Azərenerji” Səhmdar Cəmiyyəti struktur bölmələrinin mütəxəssisləri Bakı və Sumqayıt şəhərlərini, Abşeron yarımadasını elektrik enerjisi ilə təmin edən əsas yüksək gərginlikli elektrik xətlərinin /YGEX/ plandankənar təftişinə başlamışlar.
“Azərenerji” SC-dən AZƏRTAC-a bildirmişlər ki, təftişdən məqsəd adı çəkilən bölgələrin elektrik enerjisi ilə təchizatında etibarlılığı artırmaq və enerji sisteminin təhlükəsiz rejimdə işləməsini təmin etməkdir.
Respublikada havaların soyuması əhalinin elektrik enerjisinə tələbatının artmasına səbəb olmuşdu ki, bu da enerji sistemində gərginliyə gətirib çıxarmışdı. Bununla əlaqədar, YGEX-də və yardımçı stansiyalarda profilaktika işləri aparılmasına ehtiyac yaranmışdır.
Hazırda 330 kilovoltluq birinci Abşeron və 500 kilovoltluq ikinci Abşeron xətləri təftiş edilir.
Yaxın günlərdə mütəxəssislər YGEX-in dayaqlarını, izolyatorlarını və digər elementlərini yoxlayacaq, aşkar olunan çatışmazlıqları və zədələri dərhal aradan qaldıracaqlar.
Ekspertlərin fikrincə, Abşeron yarımadasında istehlakçıların elektrik enerjisi ilə təmin olunmasında əsas ağırlıq bu iki xəttin üzərinə düşür. Odur ki, ölkənin baş ererji idarəsinin rəhbərliyi bu xətlərin fasiləsiz işləməsi üçün onların təftiş edilməsini qərara almışdır.