DÜNYA
YUMURTA QABIĞI BİR ÇOX DƏRDLƏRİN DƏRMANIDIR
Bakı, 12 aprel (AZƏRTAC). Qədim təbabət kitablarında tərkibinə yumurta və qabığı, bəzilərində isə yalnız qabığı daxil olan reseptlərə tez-tez rast gəlinir. Macarıstan alimləri yumurta qabığının faydalı olmasını tədqiqatlarla sübuta yetirməyə çalışmışlar. Tədqiqatların nəticələri göstərmişdir ki, yumurta qabığı orqanizm tərəfindən asanlıqla həzm edilən zəngin kalsium mənbəyidir.
Məlumdur ki, maddələr mübadiləsinin ən geniş yayılmış problemlərindən biri əsasən sümükləri kövrəldən kalsium çatışmazlığıdır. Kalsium çatışmazlığı uşaqlarda raxit və əyri dişlərin çıxması, onurğa sütununun əyilməsi, dişlərin çürüməsi, ahıl yaşlarda isə sümüklərin kövrəlməsi kimi problemlər ortaya çıxarır. Bundan əlavə, kalsium mübadiləsinin pozulması qanazlığına, soyuqdəymə hallarının çoxalmasına, cürbəcür allergiyalara, dodaqlarda dəmrovun əmələ gəlməsinə, orqanizmin müqavimətinin zəifləməsinə gətirib çıxarır. Kalsium mübadiləsinin pozulmasını müalicə etmək çətindir, çünki bu zaman təyin olunan xlorlu kalsium, gips, tabaşir orqanizm tərəfindən zəif mənimsənilir.
Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, yumurta qabığının 90 faizi kalsium karbonatdan ibarətdir. Yalnız belə kalsium orqanizm tərəfindən asanlıqla həzm edilir. Üstəlik, yumurta qabığında mis, ftor, dəmir, manqan, molibden, fosfor, kükürd, sink, silisium və bir çox digər vacib mikroelementlər vardır. Gündəlik rasionumuz silisium və molibden sarıdan kasaddır, halbuki həmin elementlər biokimyəvi reaksiyaların normal gedişi üçün zəruridir.
Dişlərin və sümüklərin tərkibi yumurta qabığının baş beyinin qanyaratma funksiyasına tənzimləyici təsir göstərən tərkibinə çox oxşayır. Bu isə radiasiya zədəsi zamanı çox vacibdir. Üyüdülmüş yumurta qabığını az-az qəbul etməklə, kənar, bakterial təsirsiz yüksək fəallıq əldə etmiş olursunuz. Maraqlıdır ki, toyuq yumurtalarının qabığından fərqli olaraq, ördək yumurtalarının heç bir müalicəvi əhəmiyyəti yoxdur.
Yumurta qabığı balaca uşaqlara da çox faydalıdır. Bir yaşından etibarən uşaqlara mütləq üyüdülmüş yumurta qabığı verilməlidir, çünki körpə orqanizmdə sümük toxuması durmadan inkişaf edir. Xüsusən qanı aşağı və raxit uşaqların yeməyinə yumurta qabığı əlavə etmək lazımdır.
Tədqiqatın rəhbəri, doktor Krompeher əldə olunmuş nəticələrə söykənərək hamilə qadınlara, yeniyetmə və gənclərə (19-20 yaşınadək), 1-6 yaşlı uşaqlara, onurğa xəstəliklərinin, dişlərin kariyesinin və osteoporozun qarşısını almaq üçün yaşlı adamlara (ildə iki dəfə) üyüdülmüş yumurta qabığı qəbul etməyi məsləhət görür.
Yumurta qabığı radionukleidləri orqanizmdən çıxarmaq üçün də gözəl vasitədir. Belə ki, yumurta qabığı baş beyində stronsium 90-nın nüvələrinin yığılmasına imkan vermir.
Yumurta qabığının istifqadə üsulu çox asandır. Əvvəlcə yumurtanı ilıq suyun altında sabunla yaxşı-yaxşı yumaq lazımdır. Beş yaşınadək uşaqlar üçün qabıq 5 dəqiqə qaynadılır. Suda bişmiş yumurtanın qabıqlarından da istifadə etmək olar. Ancaq belə qabığın təsiri zəifdir. Yaşından asılı olaraq gündə 1,5-3 qram üyüdülmüş qabıq qəbul etmək lazımdır. Qabıq ya həvəngdəstədə, ya da qəhvəüyüdəndə (təsiri zəif olur) toz halına salınır və əsasən səhər yeməyi zamanı sıyığa, yaxud kəsmiyə qatılır. Qərb ölkələrində yumurta qabığı tozu 1970-ci ildən apteklərdə satılır.