SİYASƏT
Yan Şvarts: Dünya terrorizmlə mübarizədən danışdığı halda Xocalı soyqırımının təqsirkarları yüksək səviyyədə qəbul edilir
Moskva, 28 fevral, AZƏRTAC
İyirmi beşinci ildönümü bütün dünyada qeyd olunan Xocalı soyqırımını erməni faşistləri törədiblər. Biz Rusiyada bunu, nəhayət ki, cəsarətlə etiraf etməli, bu barədə açıq danışmaqdan çəkinməməli və susmamalıyıq.
Bu sözləri Rusiyanın Nijni Novqorod Dövlət Texniki Universitetinin professoru, tarix elmləri doktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Yan Şvarts deyib.
Ümumrusiya Azərbaycan Konqresi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin Nijni Novqorod bölmələrinin birgə təşkilatçılığı ilə keçirilən, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirdə Y.Şvarts bildirib ki, bütün dünya terrorizmlə mübarizədən danışdığı halda, Xocalı soyqırımının birbaşa iştirakçıları və təqsirkarları yüksək dairələrdə, yüksək səviyyədə qəbul edilir. “Köçəryan, Sarkisyan, Ohanyan və əlləri azərbaycanlıların – Xocalıda və işğal olunmuş digər Azərbaycan ərazilərində sakinlərin qanına bulaşmış digərləri İŞİD başkəsənlərindən və uşaq qatillərindən nə ilə fərqlənirlər? Biz beynəlxalq terrorizmlə amansızcasına mübarizə aparan, bu bəlanı öz ərazisində boğmağa müvəffəq olan Rusiyada qətiyyətlə və birmənalı şəkildə qeyd etməliyik ki, biz erməni terrorunu və faşizmi pisləyirik. Biz Azərbaycan ərazilərinin işğalını pisləyirik. Biz qardaş Azərbaycanla onun haqq işində birlikdəyik”, - deyə Yan Şvarts bildirib. Azərbaycanın və Rusiyanın qardaş ölkələr olduğunu vurğulayan rusiyalı tarixçi alim “Bizim susmağa mənəvi haqqımız varmı?”, - deyə vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva