CƏMİYYƏT
Yanğın zamanı xüsusi texnikanın hadisə yerinə yürüşü ilə bağlı təlim keçirilib VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nəsimi rayonunda yerləşən “Afcom” yaşayış kompleksində yanğın zamanı xüsusi texnikanın hadisə yerinə yürüşü, belə hallarda binaların giriş hissələrində xüsusi texnikanın hərəkətinə əngəl törədən maneələrlə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, nazirliyin Dövlət Yanğından Nəzarət Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımov jurnalistlərə açıqlamasında tədbirin məqsədinin paytaxtda əhalinin sıx məskunlaşdığı ünvanlarda və hərəkətin intensiv hissələrində mövcud vəziyyətin ictimaiyyətin diqqətinə əyani şəkildə çatdırılmasıdır: “Dövlət Yanğından Mühafizə Xidməti bu ərazidə fəaliyyəti mütəmadi davam etdirir. Bundan başqa, Bakının inzibati rayonları ilə yanaşı, Sumqayıt, Gəncə və ölkənin digər bölgələrində də bu növ tədbirlər keçirilir. Bəzi sahibkarların avtomobilləri nizamsız halda park etmələri yanğın və digər fövqəladə hallar zamanı xüsusi texnikaların hadisə baş verən sahələrə girişinə böyük məhdudiyyətlər yaradır. Bu da bir çox hallarda ciddi itkilərə səbəb olur”.
Rəis müavini sakinlərə müraciət edərək onları birlikdə müzakirə aparmağa və avtomobillərin park edilməsi məsələsində razılığa gəlməyə çağırıb. Aqşin Kazımov qeyd edib ki, aparılan təhlillər onu göstərir ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Yaranmış vəziyyət hər an faciələrə səbəb ola bilər.
Sonra şərti yanğınla bağlı həyəcan siqnalı verilib. Hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə sakinlərə göstərilib.