ELM VƏ TƏHSİL
Yanka Kupala adına Qrodno Dövlət Universitetinin bir qrup alimi Azərbaycandakı həmkarları ilə təcrübə mübadiləsi keçirmişlər
Bakı, 1 fevral (AZƏRTAC). Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Milli Aviasiya Akademiyasının (AMAA) dəvəti ilə Yanka Kupala adına Qrodno Dövlət Universitetinin bir qrup alimi cari il yanvarın 29-dan fevralın 1-dək Bakıda olmuşdur.
Səfərin əsas məqsədi AMAA-nın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun rəhbərliyi ilə görüşlər keçirilməsi və elmi-texniki əməkdaşlıq haqqında danışıqlar aparılması, Qrodno Dövlət Universitetinin “Texnolab” mərkəzinin mütəxəssisləri tərəfindən Elmi-Tədqiqat Nəqliyyat İnstitutunun fizika kafedrası üçün tədris laboratoriya avadanlığının sazlanıb işə salınmasıdır.
Qrodno Universitetinin “Texnolab” tədris elmi-istehsal mərkəzi fizika, kimya, biologiya, ekologiya və digər fənlər üzrə kompüter texnikası əsasında tədris laboratoriya avadanlığının hazırlanması və ali məktəblərin, kolleclərin, liseylərin, orta məktəblərin belə avadanlıqla təchiz edilməsi ilə məşğuldur. Araşdırmaların əsas üstünlüyü işlərin yerinə yetirilməsi zamanı informasiya texnologiyalarından və real eksperimentdən kompleks şəkildə istifadə edilməsidir.
Artıq neçə ildir ki, Azərbaycan Milli Aviasiya Akademiyası bir sıra layihələr üzrə Belarus Milli Elmlər Akademiyası, Belarusun elmi-istehsal təşkilatları və şirkətləri, ali və orta tədris müəssisələri ilə səmərəli əməkdaşlıq edir. Birgə araşdırmaların tematikası rəngarəngdir: işıq diodlu texnologiyalar və nazik günəş batareyaları əsasında lampa istehsalı, sinif otaqlarının və laboratoriyaların avadanlıqla təchizatı, aviasiya sahəsində mütəxəssis hazırlığı və s.
Bakıda keçirilmiş görüşlər zamanı Belarus alimləri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi keçirmiş, gələcək əməkdaşlıq tədbirlərini, o cümlədən akademiyanın kimya kafedrasının, habelə digər laboratoriyaların və siniflərin dərs avadanlığı ilə təchizatını müzakirə etmişlər.