CƏMİYYƏT
Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib
Bakı, 14 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin iki ayında 2046 nəfər əlilliyi olan şəxsi 8,8 min reabilitasiya vasitəsi ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2020-ci ilin dekabrından etibarən müharibə əlillərinin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlanılıb. Bu ilin əvvəlindən isə daha 17 müharibə əlilinə yüksək texnologiyalı protezlər təqdim edilib.
Ümumilikdə Vətən müharibəsindən sonra müharibənin 187 iştirakçısı 197, I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi müəyyən olunmuş 69 şəxs isə 74 ədəd yüksək texnologiyalı 4-cü nəsil protezlə təmin olunub.
Yanvar-fevral aylarında agentliyin reabilitasiya müəssisələrində 3812 nəfərə reabilitasiya xidmətləri göstərilib.