SİYASƏT
Yaponiya Azərbaycan ilə parlamentlərarası əməkdaşlığın inkişafında maraqlıdır
Tokio, 18 may, AZƏRTAC
Yaponiya parlamenti Azərbaycan Milli Məclisi ilə əməkdaşlığın inkişafında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Yaponiya parlamentinin müşavirlər palatasının sədri, xanım Akiko Santo ilə görüşündə səslənib.
Azərbaycan diplomatını salamlamaqdan məmnunluğunu bildirən Akiko Santo ölkəmizlə Yaponiya arasında münasibətlərin inkişafına dəstək verməyə hazır olduğunu bildirib. Həmçinin Yaponiyanın Azərbaycanla parlamentlərarası əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib.
Öz növbəsində səfir G.İsmayılzadə görüş üçün minnətdarlığını bildirib. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdıraraq, 2021-ci il sentyabrın 7-də Avstriyanın paytaxtı Vyanada Milli Məclisin sədri ilə xanım A.Santonun görüşünü xatırladıb. Azərbaycanın Yaponiya ilə ümumilikdə, həmçinin parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Akiko Santo da Milli Məclisin sədri Sahibə Qafarovaya salamlarını çatdırmağı xahiş edib. Azərbaycanlı həmkarının dövlətlər arasında, o cümlədən parlamentlərarası dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
G.İsmayılzadə xanım A.Santoya 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərlə bağlı geniş məlumat verərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi və Qarabağ münaqişəsinin birdəfəlik həll olunduğunu həmsöhbətinin diqqətinə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişi barədə ətraflı məlumat verib. Yaponiya parlamentinin Müşavirlər Palatasının sədri, eyni zamanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri, onun tarixi ilə bağlı geniş məlumat verib.
Akiko Santo verilən məlumatlar üçün təşəkkürünü bildirib, sabiq münaqişədən xəbərdar olduğunu və onun həll edilməsindən məmnunluğunu ifadə edib. 2022-ci ildə Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı müxtəlif tədbirlərin təşkilini alqışladığını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio