DÜNYA
Yaponiya Çinin hərbi təyyarələri sərhədə yaxınlaşdığına görə qırıcıları səmaya qaldırdı
Tokio, 10 yanvar, AZƏRTAC
Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri yanvarın 9-da Çinin hərbi hava qüvvələrinə məxsus təyyarələrin Koreya körfəzində, Çuşima və Kyuşu adalarına yaxınlaşdığına görə səmaya qaldırılıb.
NHK telekanalının Müdafiə Nazirliyinin nümayəndələrinə istinadla yaydığı məlumata görə, Çinin altı Xian H-6 bombardmançı təyyarəsi Şərqi Çin dənizi tərəfdən Yapon dənizi istiqamətində körfəz üzərindən uçaraq geriyə dönüb. Eyni zamanda, həmin vaxt regionda Shaanxi Y-8 və Shaanxi Y-9 nəqliyyat təyyarələri də qeydə alınıb.
Müdafiə Nazirliyinin əməkdaşlarının bildirdiyinə görə, Çin təyyarələri Yaponiyanın hava məkanını pozmayıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilimir.
Yaponiya Tokio və Pekin arasında mübahisəyə səbəb olan Senkaku adalarına görə Şərqi Çin dənizində Çinin hərəkətlərini çox diqqətlə izləyir.
İki ölkə arasındakı münasibətlərdə növbəti gərginlik Çin 2013-cü ilin noyabrında Şərqi Çin dənizində yeni hava hücumundan müdafiə zonasının yaradıldığını elan etdikdən sonra başlanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio