İDMAN
Yaponiya İmperatoru Tokioda keçiriləcək Olimpiadanın və Paralimpiadanın fəxri sədri olacaq
Bakı, 22 iyul, AZƏRTAC
Yaponiya imperator sarayının işlər idarəsinin iyulun 22-də verdiyi məlumata görə, Yaponiya İmperatoru Naruhito 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının fəxri sədri vəzifəsini öz üzərinə götürəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, yeni monarx öz səlahiyyətlərinin icrasına iyulun 24-də - möhtəşəm idman bayramının açılışından düz bir il əvvəl başlayacaq. İmperatorun bu qeyri-adi vəzifəyə təyin olunmasını “Tokio-2020”nin Təşkilat Komitəsinin rəhbəri Yosipo Mori xahiş edib, bu barədə sorğu isə Baş Nazir Sindzo Abe dəftərxanası vasitəsilə göndərilib.
Mori deyib: “Biz əlahəzrət İmperatora dərindən təşəkkür edirik ki, o, Olimpiya və Paralimpiya Oyunlarının fəxri sədri vəzifəsini öz üzərinə götürüb. Özlərinin texnikasını və nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə hazır olan ən yaxşı idmançılar Yaponiyada toplaşacaqlar”. Onun sözlərinə görə, monarx 2011-ci ildə baş vermiş sunami və zəlzələdən sonra Yaponiyanın şimal-şərq regionlarında bərpa prosesinə bir daha diqqəti cəlb etməyə kömək edəcək, çünki bu mövzu onun çıxışlarında tez-tez səslənir. Yarışların bir qismi təbii fəlakətlərdən zərər çəkmiş Fukusima və Miyaqi prefekturalarında keçiriləcək.
Gözlənildiyinə görə, Naruhito 2020-ci il Olimpiadasının açılış mərasimində iştirak edəcək və orada təntənəli nitq söyləyəcək. 1964-cü ildə Tokioda keçirilmiş Olimpiya Oyunlarının fəxri sədri rolunu ovaxtkı monarx Hirohito, 1998-ci ildə Naqanoda Qış Olimpiya Oyunları zamanı isə eyni vəzifəni onun oğlu Akihito yerinə yetirib.
Tokio Olimpiadası gələn iyulun 24-dən avqustun 9-dək, Paralimpiada isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək. Olimpiya məşəli martın 11-də, 2011-ci il faciəsinin xatirəsi günündə yandırılacaq, məşəl estafeti isə 2020-ci il martın 26-da Fukusima prefekturasındakı futbol məşq mərkəzində başlanacaq.