DÜNYA
Yaponiya Mekonq çayı hövzəsinin ölkələrinə yardım edəcək
Tokio, 9 oktyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Mekonq çayı hövzəsində yerləşən Cənubi-Asiyanın beş ölkəsinə yardım təklif edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, oktyabrın 9-da Ş.Abe Vyetnam, Tailand, Myanma, Kamboca və Laosun liderlərinin də qatıldığı “Mekonq-Yaponiya” sammitində iştirak edib.
Sammitdə çıxış edən Baş nazir regionun iqtisadi inkişafı üçün bu ölkələrə Yaponiyanın yardımını təklif edib. Ş.Abe bildirib ki, Yaponiya Mekonq çayı hövzəsində yerləşən ölkələrə infrastrukturun inşası və kadr hazırlığı məsələlərində kömək edə bilər. Bu, Hind-Sakit okean regionunun azad və açıq olması üçün Ş.Abenin irəli sürdüyü təşəbbüsün bir hissəsidir.
Yaponiyanın Baş naziri Çinin Cənub-Çin dənizində artan fəallığı fonunda bir daha naviqasiyanın azad hərəkətinin vacibliyinə diqqəti yönəldib.
Ş.Abe, eyni zamanda, Yaponiyanın Mekonq çayı hövzəsində yerləşən ölkələrlə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu ifadə edərək, onların diqqətini Şimali Koreyanın nüvə-raket proqramlarına və oğurlanmış yapon vətəndaşları probleminə yönəldib.
Sammit ərəfəsində beş ölkənin liderlərini Baş nazirin qərargahına dəvət edən Ş.Abe birgə axşam yeməyindən sonra onların hər biri ilə ikitərəfli görüş keçirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio