DÜNYA
Yaponiya Şərqi Çin dənizində hərbi baza yaradır
Tokio, 29 oktyabr, AZƏRTAC
Yaponiya bu il ölkənin cənub-şərqində yerləşən uzaq İşiqaki adasında 5-6 min nəfərlik qarnizon və “yer-gəmi” və “yer-hava” raketlərinə malik hərbi baza inşa etmək niyyətindədir.
AZƏRTAC “Sankei” qəzetinə istinadla xəbər verir ki, bu addımlar Pekinin Şərqi Çin dənizində artan fəallığının qarşısını almaq üçün atılır.
Hazırda həmin rayonda yapon hərbiçiləri yalnız ən böyük ada olan Okinavada yerləşib. Okinavadan Tayvana qədər uzanan digər kiçik adalarda heç bir qarnizon yoxdur.
Bu adaların ətrafındakı beynəlxalq sularda son vaxtlar Çinin hərbi-dəniz qüvvələrinin gəmiləri qrupu tez-tez müşahidə olunur. Onlar Sakit okeanda keçirilən təlimlərdə iştirak etmək üçün bu ərazidən keçirlər. Burada, həmçinin Tokionun nəzarətində olan, lakin Çinin və Tayvanın iddia etdiyi Senkaku adaları yerləşir. Çinin patrul gəmiləri tez-tez bu əraziyə daxil olaraq, mübahisəli ərazilərə iddialarını nümayiş etdirirlər.
İşiqakidən başqa Tokio qonşuluqdakı Miyako adasında da gələn ilin yazında gəmiəleyhinə raketlərə və hava hücumundan müdafiə vasitələrinə malik hərbi baza inşa etməyi planlaşdırır. Tayvanın yaxınlığında olan Yonaquni adasında artıq radar nəzarəti stansiyası quraşdırılıb.
Mütəxəssislər son vaxtlar Tokio ilə Pekinin münasibətlərində xeyli yaxınlaşmanın müşahidə edildiyini bildirirlər. Ötən həftə Yaponiyanın Baş naziri Şinzo Abenin Pekinə rəsmi səfəri baş tutub. Lakin buna baxmayaraq, Tokio Çinin Şərqi Çin dənizindəki hərbi siyasətinə ehtiyatla yanaşır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio