DÜNYA
Yaponiya hökuməti OYMRLM ətrafında vəziyyəti diqqətlə izləyir
Tokio, 22 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti ABŞ-ın Orta və Yaxın Məsafəli Raketlərin Ləğvi Haqqında Müqavilədən (OYMRLM) çıxması barədə qərarı ilə əlaqədar yaranan vəziyyəti və həmçinin bu sənədlə bağlı Moskva və Vaşinqtonun sonrakı hərəkətlərini diqqətlə izləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa oktyabrın 22-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib.
“Sənədin silahlanma və silahların ləğvinə nəzarət ilə əlaqədar oynadığı roldan asılı olaraq, həmçinin onun təhlükəsizlik məsələlərinə təsirini nəzərə alaraq, biz Rusiya və ABŞ-ın bu sənədə münasibətdə sonrakı hərəkətlərini ardıcıl şəkildə izləməkdə davam edəcəyik”,- deyə Y.Suqa diqqətə çatdırıb.
Bununla yanaşı, jurnalistin ABŞ-da keçiriləcək ikitərəfli məsləhətləşmələr zamanı Yaponiyanın OYMRLM ilə bağlı mövzuya toxunacağı barədə sualı cavablandırmaqdan yayınan baş katib qeyd edib ki, Tokio və Vaşinqton müxtəlif mövzular da daxil olmaqla, təhlükəsizlik və nüvə silahının ləğvi məsələləri barədə fikir mübadiləsi aparır.
Xatırladaq ki, oktyabrın 20-də ABŞ Prezidenti Donald Tramp Rusiyanın həmin müqavilənin şərtlərini pozduğunu əsas göstərərək, ölkəsinin OYMRLM-dən çıxacağını bəyan edib. Bununla yanaşı, o, Moskva və Pekin ilə orta və yaxın məsafəli yeni raketlərin hazırlanmasının dayandırılacağı barədə vədlərini nəzərə alaraq, yeni müqavilənin imzalanacağının mümkünlüyünü də qeyd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio