DÜNYA


Yaponiya hökuməti koronavirusa qarşı peyvənd alınması üçün 671,4 milyard yen vəsait ayırıb

Tokio, 9 sentyabr, AZƏRTAC

Yaponiya hökuməti koronavirusa qarşı peyvəndin alınması üçün 671,4 milyard yen (təqribən 6,3 milyard dollar) vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa növbəti mətbuat konfransı zamanı bəyan edib.

“Hökumət tərəfindən ayrılmış 671,4 milyard yen məbləğində vəsait ilk növbədə peyvəndin alınması üçün nəzərdə tutulub. Biz bununla əlaqədar ABŞ və Böyük Britaniyanın şirkətləri ilə ilkin müqavilələri artıq imzalamışıq”, - deyə baş katib bildirib. Y.Suqa əlavə edib ki, həmin vəsait hökumətin iqtisadiyyata dəstək və koronovirusla mübarizə üçün təsdiq etdiyi dövlət büdcəsinə əlavədən ayrılıb.

Qeyd edək ki, Yaponiya artıq Britaniya-İsveç “AstraZeneca” birgə müəssisəsi və ABŞ-ın “Pfizer” şirkəti ilə 120 milyon doza peyvəndin tədarükü barədə müqavilə imzalayıb. Bununla yanaşı, hazırda daha beş əcnəbi şirkəti ilə peyvəndin tədarükü barədə danışıqlar aparılır. Eyni zamanda, ölkə daxilində də bir neçə peyvəndin hazırlanması və istehsalı ilə bağlı sınaqlar davam etdirilir. Lakin yerli peyvəndin daha gec əldə ediləcəyi və onun tələb edilən miqdarda olmayacağı qeyd edilir.

Xatırladaq ki, Yaponiya hökuməti cari ilin aprel və iyun aylarında cari maliyyə ili üçün dövlət büdcəsinə əlavələri təsdiq edib. Həmin əlavələrin ümumilikdə 57,5 trilyon yenə (təqribən 533 milyard dollar) bərabər olduğu bildirilir.

Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 72 min 234 nəfərə çatıb, onlardan 1377-si həyatını itirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.