REGİONLAR


Yaponiya hökumətinin dəstəyi ilə Zaqatala rayonunda indiyədək 8 layihə reallaşıb

Zaqatala, 23 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Avqustun 23-də Zaqatala rayonunun Aşağı Tala kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində həyata keçirilən tibb məntəqəsinin tikintisi layihəsinin icrası uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.

Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 10 ildir ki, uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, qrant yardımı proqramı çərçivəsində Zaqatala rayonunda indiyədək bu layihə də daxil olmaqla ümumi dəyəri 795 min ABŞ dolları olan 8 layihə reallaşıb. Bu layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə edib. Əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.

Zaqatalaya səfərindən məmnun qaldığını vurğulayan səfir Teruyuki Katori bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyinin tamam olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.

Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan bu layihə üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi arasında 2017-ci ilin yanvarında imzalanıb. Layihənin məqsədi sakinlərə göstərilən tibbi xidmətin səviyyəsini daha da yaxşılaşdırmaqdır. Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 83 min 197 ABŞ dolları təşkil edib. Layihədən 7 min nəfərə yaxın kənd sakini faydalanacaq.

Məlumat verilib ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 18 milyon 950 min ABŞ dolları olan 222 layihə üzrə qrant müqaviləsi imzalanıb.

Mərasimdə tibb məntəqəsinin müdiri Sevda Hüseynova çıxış edərək tibb ocağının tikintisinə göstərdiyi dəstəyə görə Yaponiya səfirinə və rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.