DÜNYA
Yaponiya mübahisəli adaların ətrafındakı gəmilərə görə Çinə etirazını bildirib
Tokio, 3 iyul, AZƏRTAC
İyulun 3-də Yaponiya hökuməti Şərqi Çin dənizindəki mübahisəli adaların ətrafındakı sulara girən Çinin Sahil Xidmətinin iki gəmisinə görə bu ölkəyə etirazını bildirib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib.
Yaponiya Sahil Xidmətinin məlumatına görə, iyulun 2-də saat 16:50 dəqiqədə Çin gəmiləri Yaponiyaya məxsus Senkaku adalarının yaxınlığındakı ərazi sularına daxil olaraq, Uotsuri adasından təqribən 7 kilometr qərbdə yapon balıqçı gəmisinə yaxınlaşmaq istəyib.
Y.Suqa bildirib ki, Çinə məxsus həmin gəmilər hələ də bu ərazidə qaldığına görə, Yaponiya Çindən onların ərazini təcili tərk etməsini tələb edib.
“Biz təkidlə Çin gəmilərindən yapon qayığına yaxınlaşmaqdan imtina etməsini və bizim ərazi sularımızı tərk etməsini tələb edirik”, - deyə baş katib bildirib. O vurğulayıb ki, Yaponiya tərəfi bu məsələni sakitliklə və qətiyyətlə həll etməkdə davam edəcək.
Yaponiya hökumətinin nümayəndəsi deyib ki, Sahil Mühafizəsi Xidməti yapon balıqçı gəmisinin təhlükəsizliyini təmin etmək üçün Çin gəmilərini diqqətlə izləməkdə davam edir.
Qeyd edək ki, iyunun 22-dən sonra Çin gəmiləri Senkaku (Çin adı Dyaoyuydao) adaları ətrafındakı Yaponiyaya məxsus ərazi sularına ilk dəfədir daxil olur. Həmin gün Okinava prefekturasının İşiqaki şəhər parlamenti Senkaku adalarının daxil olduğu inzibati rayonun adının dəyişdirilməsi barədə qərar qəbul edib. Həmin qərara görə “Tonoşiro” adı “Tonoşiro Senkaku”ya dəyişdirilib. Bu, rəsmi Pekinin kəskin iradlarına səbəb olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio