REGİONLAR
Yaponiya səfiri: Zaqatala rayonu ilə səfirliyimiz arasında əlaqələr ildən-ilə genişlənir
Zaqatala, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində Zaqatala rayonunun Aşağı Tala kəndində sayca 3-cü layihənin – uşaq bağçasının tikintisi layihəsinin icrası uğurla başa çatıb. Proqram çərçivəsində bundan əvvəl kənddə tibb məntəqəsinin tikintisi və məntəqəyə təcili tibbi yardım maşınının verilməsi layihələri icra olunub. Zəlzələdən zərər görmüş uşaq bağçası üçün yeni binanın inşa edilməsinin isə bizim üçün xüsusi önəmi var. Çünki Yaponiyada da tez-tez zəlzələlər baş verir, dağıntılar olur. Ona görə də bu layihə bizim üçün çox əhəmiyyətlidir və inanırıq ki, Zaqatala rayonu ilə səfirliyimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermiş olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada Zaqatalada yeni inşa edilən uşaq bağçasının açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
Bu günədək Zaqatala rayonunda Yaponiya hökuməti tərəfindən 10-dan artıq layihənin icra olunduğunu vurğulayan səfir deyib: “Bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 illik yubileyidir. Yubiley ilində Zaqatalada yeni bir layihəmizin ərsəyə gəlməsi bizim üçün xüsusilə əlamətdardır. Sanki Zaqatala rayonu, eləcə də Aşağı Tala kəndi ölkələrimiz arasında dostluq əlaqələrinin rəmzi bir məkanına çevrilib. İnanırıq ki, növbəti 30 və sonrakı illərdə də əlaqələrimiz daha da möhkəmlənəcək, xalqlarımız bir-birinə daha yaxın olacaq”.