DÜNYA
Yaponiya və Almaniya iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədirlər
Tokio, 5 fevral, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və Almaniya Kansleri Angela Merkel Tokioda keçirilən görüşləri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, liderlərin görüşü Yaponiya ilə Avropa İttifaqı (Aİ) arasında iqtisadi tərəfdaşlıq barədə müqavilə qüvvəyə mindikdən cəmi bir neçə gün sonra baş tutub.
Hazırda A.Merkel Yaponiyada ikigünlük rəsmi səfərdədir. Səfərin ilk günü liderlər arasında keçirilən görüşdə tərəflər fevralın 1-də qüvvəyə minən müqavilə fonunda iqtisadi əlaqələri genişləndirmək barədə razılığa gəliblər.
Eyni zamanda, Ş.Abe və A.Merkel qabaqcıl texnologiyalar, xüsusən də süni intellekt və pilotsuz avtomobillər sahəsində əməkdaşlığı inkişaf etdirmək razılığı əldə ediblər.
Bundan əlavə, liderlər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə informasiya təhlükəsizliyi barədə razılaşmanın baza mərhələsi səviyyəsində ortaq mövqeyə gəliblər.
Ş.Abe və A.Merkel təsdiq ediblər ki, G20 sammitinin uğurlu alınması üçün birgə səylərini əsirgəməyəcəklər. Sammitin iyunda Yaponiyanın Osaka şəhərində keçiriləcəyi planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio