DÜNYA
Yaponiya və Cənubi Koreya işgüzar dairələrinin liderlərinin görüşü təxirə salınıb
Tokio, 11 mart, AZƏRTAC
Yaponiya və Cənubi Koreya işgüzar dairələrinin liderlərinin ənənəvi görüşünün təşkilatçıları iki ölkə arasında münasibətlərin korlandığına görə bu tədbirin keçirilməsini təxirə salıblar.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, iki ölkənin işgüzar dünyasının liderləri ikitərəfli ticari və iqtisadi əməkdaşlığı müzakirə etmək üçün hər il görüşürlər. Həmin görüşlər növbəli qaydada Yaponiyada və Cənubi Koreyada keçirilir. Cari ildə 51-ci dəfə təşkil ediləcək görüş mayda, Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilməli idi. Lakin həm Yaponiya, həm də Cənubi Koreyadan olan təşkilatçılar bildiriblər ki, görüşün sentyabradək və ya daha sonrakı tarixə təxirə salınması barədə qərar qəbul edilib.
Mənzil-qərargahı Yaponiyada yerləşən Yaponiya-Cənubi Koreya İqtisadi Assosiasiyası bəyan edib ki, iki ölkə arasında diplomatik əlaqələrin gərginləşdiyi bir vaxtda belə diskussiyaların aparılması çox çətindir.
Cənubi Koreya tərəfini təmsil edən Cənubi Koreya-Yaponiya İqtisadi Assosiasiyası da bəyan edib ki, iki ölkə arasında əlaqələrə böyük təsir göstərən müxtəlif mübahisəli məsələlərə görə ikitərəfli əməkdaşlıq böyük çətinliklərlə qarşılaşıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio