DÜNYA
Yaponiya və Hindistan təhlükəsizlik və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq edəcəklər
Tokio, 30 oktyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və Hindistanın Baş naziri Harendra Modi iki ölkə arasında təhlükəsizlik və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığı möhkəmləndirmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Baş nazirlərin Tokioda keçirilən 12-ci sammiti zamanı əldə edilib.
Bundan əlavə, iki ölkənin liderləri müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə “2+2” formatında danışıqların müntəzəm davam etdirilməsi barədə də razılıq əldə ediblər. Məqsəd Çinin artan dəniz fəallığı şəraitində Hind və Sakit okean regionunda azad və aşkar naviqasiyanın təmin olunmasıdır.
Bununla bərabər, Ş.Abe Hindistana 2 milyard 700 milyon dollar məbləğində yen istiqrazın verilməsinə razılığını bildirib. Həmin vəsaitin Hindistanın qərbində Yaponiyanın “Şinkansen” superekspres texnologiyası tətbiq edilməklə sürətli dəmir yolunun və şimal-şərqdə körpünün inşasına sərf ediləcəyi bildirilir.
İki ölkənin liderləri süni intellekt və digər yeni rəqəmsal texnologiyalar sahələrində birgə tədqiqatların aparılması barədə də razılıq əldə diblər. Bununla yanaşı, yapon şirkətlər tərəfindən hind mühəndislərin işə götürülməsinə yardım göstərilməsi də qərara alınıb.
Ş.Abe və N.Modi maliyyə bazarlarını sabitləşdirmək üçün 75 milyard dollar həcmində valyuta sazişinin imzalanmasına razılaşıblar.
Baş nazirlər Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq Barədə Razılıq üzrə danışıqları tamamlamağın vacibliyini qeyd ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio