İDMAN
Yaponiya və Seneqal qarşılaşmasında heç-heçə nəticə əldə edilib
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də “Rusiya 2018”in on birinci günündə ikinci oyun baş tutub. “H” qrupunda yer alan Yaponiya və Seneqal milliləri qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Yekaterinburq Arena”da oynanılan görüşdə hesabı erkən qolla seneqallılar açıb. Üçüncü dəqiqədə cinah ötürməsindən sonra qapıçının səhvini “Liverpul”un əsas qol sılahı sayılan Sadio Mane bağışlamayıb - 0:1. Birinci hissənin bitməsinə on dəqiqə qalmış yaponlar hesaba tarazlıq gətiriblər. Yuto Naqatomonun ötürməsindən sonra Takasi Unui cərimə meydançanın daxilindən uzaq küncə dəqiq zərbə vurub – 1:1.
Fasilədən sonra oyunun 71-ci dəqiqəsində Seneqal millisi yenə hesabda irəli çıxıb. Musa Vaqe fərqlənib - 1:2. Qoldan yeddi dəqiqə sonra yaponiyalıların əks hücumunu Keysuke Honda dəqiq zərbə ilə tamamlayıb - 2:2. Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Seneqal yığması qrupun ilk turunda Polşa millisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Yaponiya isə birinci turda gözlənilmədən Kolumbiya yığmasından üstün olub (2:1). Qrupun ikinci turuna Polşa-Kolumbiya oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da, məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.
Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-ci ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponlar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
Xatırladaq ki, günün son qarşılaşması saat 22:00-da “Kazan Arena”da Polşa və Kolumbiya milliləri arasında keçiriləcək. İdman həvəskarları qarşılaşmanı İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.