DÜNYA
Yaponiyada “Fukusima-1” AES-dəki suyun okeana axıdılması üçün tunelin tikintisi başa çatdırılıb
Tokio, 2 avqust, AZƏRTAC
Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasındakı (AES) radiasiyadan təmizlənən suyun okeana axıdılması üçün xüsusi yeraltı tunelin tikintisi başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 2-də NHK telekanalı AES-in operatoru “Tokyo Electric Power Co.” (TEPCO) şirkətinə istinadla məlumat yayıb. Qeyd edilir ki, hazırda AES-in ərazisində digər infrastruktur obyektlərinin inşasına başlanılıb.
Xatırladaq ki, Yaponiya hökuməti ötən ilin aprelində “Fukusima-1” AES-də reaktorları soyutmaq üçün istifadə edilən və radiasiyadan təmizlənən suyun okeana axıdılmasına icazə verib. Ümumilikdə bu suyun radioaktiv maddələrdən təmizləndiyi bildirilsə də, onun tərkibində hidrogenin radioaktiv izotopu olan tritium qalır.
TEPCO şirkətindən həmçinin bildirilir ki, okeana axıdılma ərəfəsində suyun tərkibində izotopun miqdarı Yaponiya hökumətinin və Radioloji Müdafiə üzrə Beynəlxalq Komissiyanın müəyyən etdiyi təhlükəsizlik normasının qırxda biri, Dünya Səhiyyə Təşkilatının içməli su üçün müəyyən etdiyi normanın isə yeddidə biri səviyyəsinə endiriləcək.
Rəsmi Tokionun bu planı bir sıra ətraf ölkələr tərəfindən kəskin tənqidlə qarşılanıb. Buna baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) mayda bu tədbirlərin təhlükəsizliyini təsdiq edib.
Bildirək ki, indiyədək AES ərazisində 1,25 milyon ton təmizlənmiş su toplanıb. Onun 30 il ərzində mərhələlərlə okeana axıdılması nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio