DÜNYA


Yaponiyada II Dünya müharibəsi zamanı həlak olanların xatirə mərasimləri keçirilir

Tokio, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Yaponiyada II Dünya müharibəsinin başa çatmasının 74-cü ildönümü ilə əlaqədar xatirə mərasimləri keçirilir. Həmin gün ölkənin bütün sakinləri sülh üçün dua edirlər.

AZƏRTAC xəbər verir ki, Tokioda hökumət tərəfindən təşkil edilən xatirə mərasimində müharibə zamanı həlak olan 3 milyon 100 yaponun xatirəsi anılıb. Mərasimdə həlak olanların ailə üzvləri də daxil olmaqla 6 min nəfər iştirak edib. Tədbirə Yaponiyanın İmperatoru Naruhito və İmperatriçə Masako da qatılıblar.

Yaponiyanın Baş naziri Şinzo Abe mərasimdə çıxış edərək bildirib ki, Yaponiya beynəlxalq ictimaiyyətlə gücünü birləşdirərək dünyanın qarşılaşdığı problemlərin həllinə çalışacaq.

Sonra müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən İmperator Naruhito deyib: “Xalqımızın keçdiyi çətinliklərlə dolu yollar barədə düşünərkən mən dərin hisslərə qatılıram. Keçmiş haqqında düşünərkən səmimi şəkildə ümid edirəm ki, müharibənin gətirdiyi bədbəxtliklər bir daha təkrarlanmayacaq”.

Əsas məqsədlərindən biri müharibənin dəhşətlərinin gələcək nəslə ötürülməsi olan mərasimdə müxtəlif nəsillərin nümayəndələri tərəfindən səhnədəki mehrabın önünə çiçəklər düzülüb.

Həmin gün Yaponiyanın bütün ərazisində həlak olanların xatirəsinə həsr edilən mərasimlər keçirilir və sülh üçün dualar edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.