DÜNYA
Yaponiyada “Tokio-2020” ilə əlaqəli şəxslər arasında koronavirusa daha 16 yoluxma qeydə alınıb
Tokio, 28 iyul, AZƏRTAC
Yaponiyada son sutka ərzində “Tokio-2020” ilə əlaqəli şəxslər arasında koronavirusa daha 16 yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 28-də Oyunların təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilib.
Yeni yoluxanlar arasında idmançıların olmadığı xüsusi qeyd edilib. Beləliklə, “Tokio-2020” ilə əlaqəli şəxslər arasında ümumi yoluxma sayı 170 nəfəri ötüb. Bu günədək Olimpiadada ümumilikdə 240 mindən çox test götürüldüyü də qeyd olunub.
Xatırladaq ki, Yaponiya paytaxtında epidemioloji vəziyyət ağır olduğuna görə Tokio prefekturasında iyulun 12-dən avqustun 22-dək fövqəladə vəziyyət rejimi elan edilib. Buna görə də Yaponiya paytaxtında və daha beş prefekturada Oyunlara tamaşaçı buraxılmır.
Əlavə olaraq qeyd edək ki, iyulun 27-də Tokioda rekord sayda - 2848 yoluxma halı qeydə alınıb. Bu, ötən çərşənbə axşamı qeydə alınan göstəricidən 1400 nəfər çoxdur.
Məsələni şərh edən Baş nazir Yoşihide Suqa bildirib: “40 və 50 yaş insanlar arasında virusa yoluxma sayı daha çox artıb. Daha sürətlə yayılan “Delta” ştammı dominanta çevrilir. Virusun yayılmasının qarşısını almaq üçün biz yerli orqanlarla daha sıx işləməyə çalışacağıq”.
İnsanların evlərini daha az tərk etdiyini qeyd edən Baş nazir, Tokio Olimpiadasının təxirə salınması üçün heç bir zəruri ehtiyacın yaranmadığını da deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio