DÜNYA
Yaponiyada daha bir məhkəmə “Fukusima-1” AES-də baş vermiş qəzada hökuməti təqsirli bilib
Tokio, 22 fevral, AZƏRTAC
Yaponiyanın daha bir yüksək səviyyəli məhkəməsi 2011-ci ilin martında “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) baş verən qəzanın qarşısının alınmasında “Tokyo Electric Power Co.” (TEPCO) şirkəti ilə yanaşı, mərkəzi hökumətin də təqsiri olduğunu təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Asahi Shimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, məhkəmə AES-də baş verən qəzadan sonra ətraf mühitin radiasiyaya yoluxmasında TEPCO şirkəti ilə yanaşı, mərkəzi hökumətin də təqsirli olduğu barədə 43 şikayətçinin vəsatətini təmin edib. Məhkəmə şirkətlə birlikdə hökumətin də həmin qaçqınlara 280 milyon yen (2,7 milyon dollar) ödəməli olduğu barədə hökm çıxarıb.
Məhkəmənin qərarı Elm Nazirliyi yanında fəaliyyət göstərən zəlzələlərin tədqiqi qərargahının 2002-ci ildə böyük zəlzələlərlə bağlı dərc etdiyi uzunmüddətli qiymətləndirməyə əsasən qəbul edilib. Həmin sənəddə ekspertlərin Fukuşima prefekturasında güclü sunami təhlükəsi barədə xəbərdarlığı yer alıb.
Ümumilikdə qəza ilə bağlı TEPCO şirkətinə və mərkəzi hökumətə qarşı 30 iddianın qaldırıldığı bildirilir. Bütün hallarda iddiaçılar qeyd edirlər ki, nüvə qəzasından sonra onların həyatı görünməmiş əzaba dönüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio