DÜNYA
Yaponiyada koronavirus pandemiyasına görə tətbiq olunan fövqəladə vəziyyət rejimi tam aradan qaldırılıb
Tokio, 25 may, AZƏRTAC
Mayın 25-də Yaponiya hökuməti koronavirus pandemiyasına görə tətbiq olunan fövqəladə vəziyyət rejiminin bütün ölkə ərazisində tamamilə aradan qaldırıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe həmin gün axşam Tokioda keçirilən mətbuat konfransı zamanı bəyan edib.
Xatırladaq ki, fövqəladə vəziyyət rejimi Yaponiyanın Tokio, Kanaqava, Saytama, Çiba, Osaka, Hyoqo və Fukuoka prefekturalarında aprelin 8-də elan edilmişdi. Aprelin 17-də isə hökumət bu rejimin bütün ölkə ərazisində mayın 31-dək tətbiqi barədə qərar qəbul etmişdi.
Lakin hökumət həmin müddətin başa çatmasını gözləməyərək, mayın 14-də ölkə üzrə 47 prefekturadan 39-da fövqəladə vəziyyətin aradan qaldırıldığını elan edib.
Bundan cəmi bir həftə sonra isə Tokio, Kanaqava, Saytama, Çiba və Hokkaydo prefekturalarında həmin rejim ləğv edilib.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yaponiyada ümumiyyətlə 17 min 300 nəfər koronavirusa yoluxub. Onlardan 13 min 800-dən çoxu sağalıb, 850 nəfər isə həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio