DÜNYA
Yaponiyada koronavirusa qarşı mübarizə ilə əlaqədar cərimələrin tətbiqi barədə qanun qüvvəyə minib
Tokio, 13 fevral, AZƏRTAC
Fevralın 12-də Yaponiyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qoyulmuş qadağalara əməl etməyən fiziki və hüquqi şəxslərə qarşı cərimələrin tətbiqi ilə əlaqədar qanun qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, həmin qanun parlamentin hər iki palatası tərəfindən cari ayın əvvəllərində qəbul edilib.
Qanuna görə, koronavirusa yoluxmuş şəxs xəstəxanaya yerləşdirilməkdən imtina etdiyi təqdirdə 500 min yen (4,7 min dollar) cərimə olunacaq. Tibbi müayinədən imtina edən şəxsləri isə 300 min yen (2,8 min dollar) cərimə gözləyir. Həmin məbləğdə cərimə hökumət orqanlarının tövsiyəsinə görə iş vaxtını qısaltmaqdan imtina edən barların və restoranların sahiblərini də gözləyir. Bu qanunun hazırda fövqəladə vəziyyət rejimi tətbiq olunan prefekturalara aid olduğu bildirilir.
Qeyd edək ki, Yaponiyada epidemioloji vəziyyət ötən ilin noyabrından kəskin surətdə gərginləşməyə başlayıb. Yanvar ayında isə partlayış həddinə çatıb.
Bununla əlaqədar Baş nazir Y.Suqa fevralın 7-də başa çatması nəzərdə tutulan fövqəladə vəziyyət rejimini daha bir ay müddətinə uzadıb. Həmin vəziyyət Tokio ilə yanaşı, Osaka, Kanaqava, Saytama, Çiba, Hyoqo, Kioto, Qifu, Fukuoka və Aiçi prefekturalarında davam edir.
Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 413 min nəfərə çatıb, 6880 nəfər həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio