DÜNYA
Yaponiyada yeni koronavirusa yoluxanların sayı artmaqda davam edir
Tokio, 31 mart, AZƏRTAC
Martın 31-də günün ikinci yarısında Yaponiyada daha 28 nəfər yeni koronavirusa yoluxan qeydə alınıb və bununla da ölkədə virus daşıyıcılarının ümumi sayı rəsmi məlumatlara görə 2727 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Bildirilir ki, həmin siyahıya Çinin Hubey vilayətindən təxliyə edilən 14 nəfər, “Diamond Princess” laynerindəki 712 nəfər və həmçinin Səhiyyə Nazirliyinin virusa yoluxmuş karantinə cavabdeh 61 əməkdaşı da daxildir.
Əlavə olaraq qeyd edilir ki, yeni koronavirusa yoluxanlar arasında Tokionun 443, Osakanın 216, Hokkaydonun 176, Aiçinin 170, Tibenin 165 və Hioqonun 137 sakini var.
Virusa yoluxanlardan 70 nəfərin artıq vəfat etdiyi də bildirilir ki, onların da 11-i kruiz laynerindən olanlardır. Martın 30-na olan məlumata görə, daha 81 nəfərin ağır vəziyyətdə olduğu qeyd edilir.
Eyni zamanda, 1027 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio