DÜNYA
Yaponiyada yeni yaradılan müxalifət partiyasının sədri məlum olub
Tokio, 10 sentyabr, AZƏRTAC
Yaponiyanın sabiq İqtisadiyyat naziri və bu ölkənin ən böyük müxalifət partiyası olan Konstitusiyalı Demokratlar Partiyasının (KDP) sədri Yukio Edano sentyabrın 10-da rəhbərlik etdiyi partiya ilə Xalq Demokratik Partiyasının birləşməsindən yaranan yeni siyasi təşkilatın sədri seçilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da keçirilən səsvermənin nəticələrinə görə, yeni siyasi təşkilat Yaponiya Konstitusiyalı Demokratlar Partiyası adını saxlayıb.
“Liberal Demokratik Partiya neoliberalizmi irəli sürür və cəmiyyətin real həyatından tamamilə ayrılmış siyasət həyata keçirir. Biz isə konstitusionalizm uğrunda mübarizə apararaq hər bir fərdə hörmətlə yanaşacağıq”, - deyə Y.Edano yeni partiyanın üzvləri qarşısında çıxışında bildirib.
Qeyd edək ki, Y.Edano Yaponiya cəmiyyətində hakim Liberal Demokratik Partiyanı və Baş Nazir Şinzo Abeni ardıcıl şəkildə və fəal surətdə tənqid edən siyasətçi kimi tanınır. 56 yaşlı Y.Edano 1993-cü ildə parlamentin üzvü seçilib və 1996-cı ildə müxalifətdə olan Demokratik Partiyaya qoşulub.
Xatırladaq ki, hazırda ləğv olunmuş Yaponiya Demokratik Partiyası hakimiyyətdə olarkən Y.Edano 2011-2012-ci illərdə İqtisadiyyat, Ticarət və Sənaye naziri vəzifəsini tutub. 2017-ci ilin oktyabrında Konstitusiyalı Demokratlar Partiyasını yaradan Y.Edano ona rəhbərlik edib və bu partiyanın hazırda parlamentin hər iki palatasında nümayəndələri var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio