DÜNYA
Yaponiyanın H-IIA F40 raketi vasitəsilə orbitə iki süni peyk çıxarılıb
Tokio, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Yaponiyanın H-IIA F40 daşıyıcı raketi vasitəsilə kosmosa iki elmi süni peyk buraxılıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Kosmik Məkanın Tədqiqi Mərkəzi (JAXA) birləşmə prosesini Taneqaşima kosmodromundan birbaşa yayımla nümayiş etdirib.
JAXA-nın məlumatına əsasən, GOSAT-2 (yapon adı “IBUKI-2”) adlı birinci süni peyk planetdə temperaturun artmasına səbəb olan parnik qazlarını müşahidə edəcək. Ümumi çəkisi 1800 kiloqram olan bu süni peyk “Mitsubishi Electric” (MELCO) şirkəti tərəfindən inşa olunub.
Bu seriyadan olan ilk süni peyk Yaponiya tərəfindən 2009-cu ildə kosmosa buraxılıb. NASA-nın məlumatına görə, daha da təkmilləşdirilən GOSAT-2 modeli orbitdə Yerdən 613 kilometr yüksəklikdə yerləşəcək və atmosferdə karbon, metan, ozon qazlarının və su buxarının, eləcə də karbon monoksidin və azot dioksidin səviyyəsini qeydə alacaq.
Raketin orbitə çıxardığı “KhalifaSat” adlı 330 kiloqram ağırlığında ikinci süni peyk Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 70 gənc mühəndisi tərəfindən inşa olunub. Onun əsas vəzifəsi hava proqnozunu dəqiqləşdirməkdən ibarət olacaq. Bu, BƏƏ-nin orbitə çıxarılan doqquzuncu süni peykidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio