SİYASƏT
Yaponiyanın NHK telekanalı: Azərbaycan sülhməramlılar barədə danışmağın hələ tez olduğunu bildirir
Tokio, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda döyüşlərin davam etdiyi bir vaxtda bu rayonlara hər hansı beynəlxalq sülhməramlıların yerləşdirilməsindən danışmaq hələ tezdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalının oktyabrın 16-da yaydığı videosüjetdə bildirilib. Qeyd edilib ki, oktyabrın 10-da humanist atəşkəsin elan olunmasına baxmayaraq, tərəflər arasında münaqişə davam edir.
Videomaterialda Azərbaycan Prezidenti İlham Əliyevə istinadla vurğulanıb ki, döyüşlərin davam etdiyi bir vaxtda sülhməramlı qüvvələrdən danışmaq hələ tezdir.
Qeyd edilib ki, humanitar atəşkəs barədə razılaşma Rusiyanın vasitəçiliyi ilə əldə olunub. Həmçinin Kremlin mətbuat katibi Dmitri Peskovun əraziyə sülhməramlıların və müşahidəçilərin yalnız hər iki tərəfin razılığı əsasında yerləşdirilməsinin mümkün olduğu barədə fikri də süjetdə yer alıb.
Həmçinin vurğulanıb ki, Azərbaycan tərəfi hərbi əməliyyatların yalnız Ermənistan ordusunun işğal altında saxladığı Dağlıq Qarabağdan çıxdıqdan sonra mümkün olduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio