DÜNYA
Yaponiyanın müdafiə naziri: Şimali Koreya yeni raket növü sınaqdan keçirib
Tokio, 2 iyun, AZƏRTAC
Mayın 29-da Şimali Koreya tərəfindən buraxılan raket yeni növ ola bilər. Bu barədə bəyanatla Yaponiyanın müdafiə naziri Tomomi İnada çıxış edib.
Nazir deyib: “Raketin başlığında “Skad”dan fərqli olaraq kiçik qanadlar diqqəti cəlb edir. Eyni zamanda, başlıq istisna olmaqla raketin forması və uzunluğu “Skad”da olduğu kimidir. Əgər uçuş məsafəsini, Şimali Koreyada nümayiş olunan videonu və onların “dəqiq istiqamətlənmiş yeni ballistik raket” ifadəsini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu, “Skad” əsasında hazırlanan yeni raket növüdür”.
Xəbər verdiyimiz ki, mayın 29-da Şimali Koreya ölkənin şərq sahillərində yerləşən Vonson şəhərindən raket sınağı həyata keçirib. Təqribən altı dəqiqə uçan raket 450 kilometr məsafə qət edib. Cənubi Koreyanın qərargah rəislərinin birləşmiş komitəsi həmin raketin “Skad” tipinə aid olduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio