REGİONLAR
Yaponiyanın ölkəmizdəki səfiri Şəmkirə səfər edib
Şəmkir, 14 aprel, Elcan Məmmədov, AZƏRTAC
Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi Şəmkir rayonuna səfər edib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevlə keçirilən görüşdə Azərbaycanla Yaponiya arasındakı strateji tərəfdaşlıqdan, yaxın dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə daha da dərinləşməsindən danışılıb.
Şəmkir rayonunun tarixi, mədəniyyət abidələri, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verən icra başçısı rayonda reallaşan layihələrdən, görülən işlərdən söz açıb. Bildirib ki, bu gün Şəmkirdə müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye, kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərir, eyni zamanda, yeni istehsal müəssisələri açılır, məktəb binaları, körpələr evi-uşaq bağçaları tikilir.
İcra başçısı eyni zamanda Yaponiya səfirliyinin dəstəyi ilə rayonda icra olunan layihələrə görə səfirə Şəmkir sakinləri adından təşəkkürünü bildirib.
Şəmkir rayonuna səfərinin əsas məqsədinin rayonla tanışlıq olduğunu bildirən Vada Cuniçi qeyd edib ki, belə səfərlər yaxın əlaqələrin, dostluğun daha da möhkəmlənməsində çox əhəmiyyətlidir.
Yaponiya-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini xüsusi qeyd edən səfir əlaqələrin getdikcə dərinləşdiyini diqqətə çatdırıb. Səfir “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Azərbaycanın rayonlarında bir çox layihənin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, belə layihələrdən biri Şəmkir rayonunda da həyata keçirilə bilər.
Daha sonra gələcəkdə icra oluna biləcək layihələr haqqında fikir mübadiləsi aparılıb.
Sonra səfir Şəmkir Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Alman Lüteran Kilsəsinə baş çəkib.
Vada Cuniçi, həmçinin Zəyəm Texnologiyalar Parkı, “Az Aqro” MMC, Qapanlı kəndində isə istilikxana və bağçılıq təsərrüfatı ilə tanış olub, qonağa ən müasir texnologiyaya əsaslanan istehsal prosesi və məhsulların çeşidləri barədə ətraflı məlumat verilib.