Yaponiyanın yutub kanalı Azərbaycan ilə Aİ arasında imzalanan Anlaşma Memorandumu barədə veriliş yayımlayıb VİDEO
AzerTAg.az
Tokio, 21 iyul, AZƏRTAC
İyulun 20-də Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalı Azərbaycan ilə Avropa İttifaqı arasında iyulun 18-də Bakıda imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu haqqında xüsusi veriliş yayımlayıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Yaponiyada kifayət qədər tanınmış yutub blogeri Kazuyasu İşida beynəlxalq aləmdə baş verən son proseslər fonunda həmin memorandumun əhəmiyyəti barədə yapon izləyicilərə ətraflı məlumat verib. Həmin sənədin Avropa ölkələrinin enerji təhlükəsizliyində oynayacağı rolu yüksək qiymətləndirən yapon bloger Azərbaycanın müstəqilliyi bərpa etməsindən sonra yaratdığı neft-qaz strategiyasının bütün dünyanın enerji təminatında mühüm əhəmiyyətini vurğulayıb. Yapon izləyicilərə təqribən 15 il əvvəl fəaliyyətə başlamış Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri barədə ətraflı məlumat verilib. 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsin”dən bəhs olunub. Bildirilib ki, Yaponiya şirkətlərinin də yaxından iştirak etdiyi həmin layihələr Azərbaycanın “Şahdəniz” təbii qaz yatağından hasilatın başlaması ilə əlaqədar öz əhəmiyyətini daha da artırıb, “Yeni Əsrin müqaviləsinin” imzalanmasına, TAP və TANAP kimi layihələrə start verilməsinə səbəb olub.
Verilişdə Azərbaycanın yalnız öz enerji ehtiyatlarını deyil, həm də Mərkəzi Asiya ölkələrində hasil edilən neft və qazın da Avropa ölkələrinə çatdırılmasında mühüm tranzit dəhlizə çevrildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan ilə Avropa ittifaqı arasında imzalanan Anlaşma Memorandumu yalnız neft və qazla kifayətlənmir, həmçinin Qafqazın ən inkişaf etmiş bu ölkəsində bərpaolunan enerji mənbələrinin inkişafını nəzərdə tutur.
Qeyd edək ki, Yaponiyada populyarlığı ilə seçilən “Cross Border Club 3.0” yutub kanalının 91 minə yaxın abunəçisi, 500 mindən çox izləyicisi var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio







Xəbərin mətnində orfoqrafik səhv var