CƏMİYYƏT
Yaponiyanın yutub kanalının rəhbəri Füzuli aeroportuna səfəri barədə təəssüratlarını bölüşüb VİDEO
Tokio, 4 mart, AZƏRTAC
Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalının rəhbəri Kazuyasu İşida bu günlərdə digər xarici jurnalistlərlə birlikdə Qarabağa səfərdən sonra Füzuli Beynəlxalq Hava Limanı barədə təəssüratlarını izləyiciləri ilə bölüşüb.
AZƏRTAC xəbər verir ki, işğaldan yenicə azad edilmiş ərazidə belə bir aeroportun tikilməsinə təəccübünü gizlədə bilməyən yapon yutuber heç Yaponiyada da bu cür müasir hava limanının olmadığını vurğulayıb. Azərbaycan dövlətinin ermənilər tərəfindən 30 il işğal altında saxlanılaraq xarabazarlığa çevrilmiş ərazilərdə nəhəng quruculuq işləri apardığını qeyd edən K.İşida orada yeni yolların salındığını, elektrik stansiyalarının, digər sosial və mədəni obyektlərin sürətlə tikildiyini bildirərək deyib: “Yenidənqurma işlərindən biri də arxada gördüyünüz “Welcome to Karabakh” yazısı və müharibədən sonra belə möhtəşəm şəkildə tikilmiş hava limanıdır. Paytaxtdan uzaqda belə müasir hava limanının inşası həqiqətən də çox möhtəşəm işdir. Hətta Yaponiyada şəhərdən kənar ərazidə belə müasir hava limanı görmək çətindir”.
Aeroporta həm də ən müasir tələblərə cavab verən magistral yolun salındığını qeyd edən yapon yutuber yeni yaradılan infrastrukturun gələcəkdə regionda turizmin inkişafına mühüm töhfələr verəcəyini bildirib. O qeyd edib: “Arxada gördüyünüz kimi, buraya qədər olan yolun tikinti işləri tamamlanıb. Bu yol paytaxt Bakıdan buraya gələn yoldur. Ziyarətçilərin daha asanlıqla gəlmələri üçün hər cür şərait yaradılıb. Yaxın gələcəkdə xaricdən gələn qonaqlar birbaşa uçuşla buraya eniş edə biləcəklər. Bura Füzuli Beynəlxalq Hava Limanıdır. Mən deyərdim ki, qısa müddət ərzində inşa edilmiş bu obyekti Qarabağın dirçəliş rəmzi adlandırmaq olar”.
İlk dəfədir ki, istifadəyə hələ verilməmiş hava limanına giriş etdiyini qeyd edən K.İşida burada sərnişinlər üçün hər cür şəraitin yaradıldığını bildirir: “Burada çox rahat şərait var, valyuta dəyişmə məntəqəsi, qeydiyyat və pasport nəzarəti, immiqrasiya xidməti üçün hər cür şərait yaradılıb. Qəribə hissdir burada olmaq”.
Uzun illər işğal altında olduğuna görə yapon səyyahların bu gözəl yerləri görə bilməməsindən təəssüfləndiyini qeyd edən yutuber hazırda ərazidə müharibədən əsər-əlamətin qalmadığını, əksinə, rahatlığı və füsunkar təbiəti ilə diqqəti cəlb etdiyini vurğulayır. Aeroporta gəlincə, buranın əyalət üçün çox möhtəşəm tikili olduğunu qeyd edərək deyir: “Əyalət üçün çox möhtəşəm tikilidir. Kifayət qədər böyük hava limanıdır. Kafe, restoran kimi xidmət yerləri də nəzərdə tutulub. Tavanın dizaynı da çox gözəldir. Buraya qədər çəkilən yol da olduqca yaxşıdır. Dövlətin dəstəyi ilə Qarabağda çox böyük yenidənqurma işləri aparılır”.
Qeyd edək ki, K.İşidanın rəhbərlik etdiyi “Cross Border Club 3.0” kanalının 75 mindən çox abunəçisi, 500 minə yaxın izləyicisi var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio