CƏMİYYƏT
Yaqut Qarayeva: Yüngül simptomları olanların xüsusi müalicəyə ehtiyacı yoxdur
Bakı, 25 iyun, AZƏRTAC
Evdə təcrid olunacaq xəstələrin vəziyyətinin qiymətləndirilməsi üçün xüsusi cədvəl hazırlanıb. Xüsusilə evdə heç bir simptomu olmayan və yaxud yüngül simptomları olanların müşahidəsini aparmağı düşünürük. Bu, o deməkdir ki, həmin insanların xüsusi müalicəyə ehtiyacı olmayacaq və ona görə də hər hansı dərman kor-koranə alınmamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, TƏBİB-in istifadə etdiyi dərman preparatları tibb işçiləri üçün hazırlanmış təlimatlarda var: “Mən burada hansısa dərmanın adını çəksəm, həmin preparat apteklərdə tezliklə tükənə bilər. Bizim istifadə etdiyimiz dərman preparatları daha çox simptomların aradan qaldırılması üçündür. Əgər kimdəsə simptomlar hiss olunmursa, onun hər hansı dərmana ehtiyacı yoxdur. Nəzərə almaq lazımdır ki, hər bir dərman preparatının xeyri olduğu qədər, zərəri və əks-təsiri də var. Dərman preparatlarının həkim nəzarəti olmadan qəbul edilməsi ciddi fəsadlara səbəb ola bilər”.