REGİONLAR
Yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olan Mahmud Namazov VİDEO
Ağstafa, 11 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Vətən müharibəsi şəhidi Mahmud Namazov ilə Günnüt əməliyyatı şəhidi Adil Tatarov qohum idilər. Onların körpəliyi Ağstafanın Qıraqkəsəmən kəndində keçib. Uşaqlıqdan hər ikisi Vətən eşqi ilə yaşayıb. Adilin şəhidlik zirvəsinə yüksəlməsindən sonra Mahmudun bir amalı var idi: düşməndən onun və digər şəhidlərimizin qisasını almaq.
AZƏRTAC xəbər verir ki, Qıraqkəsəmən kənd sakini Mahmud Namazov ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli istiqamətində ağır döyüşlərdə iştirak edib, haqq savaşında düşmənə qan uddurub.
Mahmud 7 il idi hərb sahəsini seçmişdi. Vətəni hər şeydən çox sevirdi. O, Tovuz döyüşlərində də iştirak etmişdi.
Şəhid Adil Tatarovun anası Şükufə Tatarova ilə söhbət zamanı dedi ki, Mahmudla Adil dayıoğlu, bibioğludurlar: “Bir yerdə böyüyüblər. Çox vətənpərvər, Vətənə bağlı uşaq olublar. Mahmud müharibədən öncə bizə gəlmişdi. Adilin otağına keçdi, onun şəklinə baxıb “qanını yerdə qoymayacağam” dedi və sözünü də tutdu... Amma özü də şəhidlik zirvəsinə ucaldı”.
Düşmənlə döyüşdə Mahmud snayperlə vurulub. “Qardaşım döyüş meydanından güllə yağışı altında yaralıları çıxardanda vurulub. Çiynində bizim zabiti çıxarıb gətirirmiş, snayper arxadan vurub”, - deyə qardaşı Elvin Namazov bildirib.
Yaşadığı evdə Mahmuda bir guşə düzəldilib. Fotoları üçrəngli bayrağımızla əhatələnib.
Kiçik çavuş Mahmud Namazov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.