REGİONLAR
Yardımlıda kartofçuluq inkişaf etdirilir
Yardımlı, 21 avqust, Bağır Əliyev, AZƏRTAC
Ucqar dağ rayonu olan Yardımlıda əhalinin əsas məşğuliyyətlərindən biri də kartofçuluqdur.
AZƏRTAC xəbər verir ki, rayonda qablaşdırma sexinin inşa edilməsi kartofçuluqla məşğul olan fermerləri və məhsul istehsalçılarının bu sahəyə marağını artırıb. Sexdə məhsulun qablaşdırılması və satışa çıxarılması təmin olunacaq.
Kartof əsasən Yardımlının Alar kəndində əkilir. Dəmyə şəklində becərilən kartof tam təbii, ekoloji təmiz şəraitdə yetişdirilir.
Fermerlər bu il kartofun üç növünü - “İran”, “Qusar” və “Kemirov” növlərini əkiblər. Bu növlər həm keyfiyyətinə, həm də məhsuldarlığına görə digər növlərdən fərqlənir.
Qeyd edək ki, bu il Yardımlıda 846 hektar sahədə kartof əkilib. Məhsul yığımına sentyabrın əvvəllərindən başlanacaq. Hər hektardan 3-4 ton məhsul götürmək proqnozlaşdırılır. Gələcəkdə rayonda əkin sahələrinin genişləndirilərək 1500-2000 hektara çatdırılması nəzərdə tutulur.