REGİONLAR
Yardımlıda xüsusi karantin rejimi ilə əlaqədar əhali arasında maarifləndirmə işləri aparılır
Yardımlı, 6 iyul, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda yaradılmış Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları yaşayış məntəqələrində maarifləndirmə işlərini davam etdiriblər.
Tərkibində Yardımlı Rayon Polis İdarəsinin əməkdaşlarının da olduğu 33 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçiriblər.
Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhalini xüsusi karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər.
Mobil qrupların üzvləri tərəfindən sakinlərə, həmçinin üzərində COVID-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər və tibbi maskalar paylanılıb.