CƏMİYYƏT
Yarımçıq qalan gündəlik
Bakı, 15 avqust, AZƏRTAC
Yaşasaydı, bu gün 24 yaşı olacaqdı…
Yaşasaydı…
Onun ömür payına 22 il yaşamaq düşdü…
İndi o ancaq ağ-qara və rəngli şəkillərdən, heç vaxt unudulmayan xatirələrdən boylanır…
Bu da həmin xatirələrdən biri: “İyulun 1-də hərbi xidmətini başa vurub qayıdacaqdı. İndi heç istəmirəm ki, iyulun 1-i gəlsin. Avqustun 15-də ad gününü qeyd edirdik. Avqustun 15-nin də gəlməyini istəmirəm. Axı, onun arzuları var idi. Türkiyədə mühasiblik təhsili almağa hazırlaşırdı. Texniki Humanitar Liseyin şagirdi idi. Hərbi xidmətini başa vurandan sonra təhsil almaq barədə düşünürdü. Arzuları kimi ömrü də yarımçıq qaldı…”.
Bu xatirəni Vətən müharibəsi şəhidi Akşin Novruzovun anası Elnarə xanım AZƏRTAC-ın müxbirinə danışıb.
Elnarə xanımın xatirələri hamısı ürək parçalayır, sinə dağlayır. Bu da onun daha bir xatirəsi: “Oktyabrın 1-də ayağından qəlpə yarası alıb. Ayın 2-də zəng edib danışdı, yaralanmağı barədə bir kəlmə də demədi. Həmin gündən sonra oktyabrın 12-dək hər gün zəng edib danışırdı. Dostlarını, sinif yoldaşlarını, qonşuları soruşurdu. Hamı ilə danışmaq istəyirdi. Onun hər gün zəng edib danışmağı mənə qəribə gəlirdi. “Ay oğul, nə yaxşı danışmağa imkanın, vaxtın var”,- deyə soruşurdum. “Əlimə telefon düşüb, ona görə”, - deyirdi. Sən demə, yaralı olduğuna görə hospitalda imiş. Ayın 13-ü sağalan kimi dərhal döyüşə gedib. Səhər-səhər əvvəl atası ilə xeyli danışıb. Sağollaşandan sonra döyüşə girib. Heç üstündən 1 saat keçməmiş haqqın dərgahına qovuşub. Yoldaşları deyirdilər ki, necə varsa elə də rəhmətə getmişdi. Elə bilirdin şəkildi. Onun nəfəsinin gəlmədiyinə inanmaq olmurdu”…
Babası Əmir Kərimov da Akşinin haqqında ürəklə danışır: “Nəvələrimin içərisindən ən istəklisi, ən ağıllısı idi. Onun üzü gülər, nurlu siması gözlərimin önündən çəkilmir. Mənim gül balam bizim üçün, Vətən üçün canını qurban verdi”.
Elnarə xanımın iki bacının qardaşı, ailənin sonbeşiyi olan övladı haqqında xatirələri bitib tükənmir: “Həmişə mənə deyirdi ki, mənsizliyə öyrəş. Həmişə yanında olmayacağam ki? Heç cür onun yoxluğuna inana bilmirəm. Lap neçə il keçir-keçsin…Elə bilirəm əsgərlikdədir, qayıdıb gələcək. Amma mənim balam vaxtı bilinməyən əsgərlikdədir, əbədi əsgərlikdədir. O, özü üçün gündəlik yazırdı. Hər gününü qeyd edirdi. Oktyabrın 12-dək yazılıb, oktyabrın 13-ü gündəlikdə boş qalıb”…
Novruzovlar ailəsi hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən Bakının Xocəsən qəsəbəsindəki yeni yaşayış massivində onlara verilən ikiotaqlı tam təmirli mənzildə yaşayır. Onun valideynləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar və bunun üçün öz minnətdarlıqlarını ifadə edirlər.
Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilən Akşin Novruzov Zəfər Gününü xalqımıza yaşadanlardan biridir. Özü bu sevinci yaşamasa da…
Bu gün onun 24 yaşı tamam olacaqdı…
Yaşasaydı…