CƏMİYYƏT
Yasamal bələdiyyəsinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub
Bakı, 8 iyul, AZƏRTAC
Ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Bakı şəhər Yasamal bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun qanunsuz hərəkətləri barədə müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində iyulun 3-də Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda Zaur Müslümov qəbir yerinin ayrılması müqabilində vətəndaşdan tələb etdiyi 3000 manat pul vəsaitinin 2300 manatını alarkən cinayət başında yaxalanıb.
İstintaqla Zaur Müslümovun qulluq mövqeyindən istifadə edib 1 saylı Dağüstü qəbiristanlıqda qəbir yerinin ayrılması adı ilə aldatmaqla vətəndaşı rüşvət qismində verməli olduğuna inandıraraq tələb etdiyi 3000 manat pul vəsaitinin 700 manatını iyulun 1-də, qalan 2300 manatını isə iyulun 3-də qəbiristanlığın ərazisində almasına əsaslı şübhələr müəyyən edilib.
Bu qanunsuz əməllərə görə Zaur Müslümova Cinayət Məcəlləsinin 178.2.3-ci (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “qaynar xətt” əlaqə mərkəzinə və Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzinə məlumat verilməsini tövsiyə edir.