İQTİSADİYYAT
Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilir
Bakı, 1 iyul, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Yasamal rayonunda uzunluğu 860 metr, ortalama eni 10,5 metr təşkil edən Ələsgər Ələkbərov küçəsinin təmiri işləri davam edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri görülüb. Küçəyə 2000 poqonometr səki daşının düzülməsi artıq yekunlaşıb. Hazırda əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam edir və artıq küçənin 450 metrlik hissəsi asfaltlanıb.
Küçəboyu zəruri yerlərdə yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin yeni baxış qapaqlarının qoyulması işləri davam edir.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq istifadəyə veriləcək.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub. Ümumilikdə isə agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində uzunluğu 3,5 kilometr təşkil edən küçələr təmir edilib.