CƏMİYYƏT
Yasamal və Sabunçu rayonlarında cinayət törətmiş şəxslər polis tərəfindən saxlanılıb
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 12-də saat 6 radələrində Yasamal rayonunun birinci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanın kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsindən sakin Hacıağa Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı sakini Mircəlal Süleymanov saxlanılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.