CƏMİYYƏT
Yasamalda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
Bakı, 27 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi, müddətdən artıq hərbi xidmət edən kəşfiyyatçı Mirzəyev Elçin Maqsud oğlunun ailəsi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, təşkilat nümayəndələri şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanları, canları hesabına azad olunan torpaqlarımızı və onların bizə əmanət etdikləri yadigarlarını, övladlarını göz bəbəyimiz kimi qorumaq borcumuzdur. Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetiriblər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələnlərin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq.
Şəhidin həyat yoldaşı göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Mirzəyev Elçin Maqsud oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.